Haqqında
2023-cü ilin yanvar ayında yaradılan “Crystal FC” – Crystal Group of Companies ailəsinin qürur mənbələrindən biridir. “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevin təşəbbüsü və yaxından dəstəyi ilə yaradılan bu komanda qısa müddət ərzində həm peşəkar yanaşması, həm də kollektiv ruhu ilə fərqlənməyi bacarmışdır.
Komandamızın kapitanı – gənc, istedadlı və məsuliyyətli futbolçu Yusif Vəlizadə, oyunlarda liderliyi və əzmkarlığı ilə seçilərək bütün komanda üzvlərinə örnək olur. Baş məşqçimiz isə Azərbaycan futbolunda xüsusi yeri olan, böyük təcrübəyə malik, ölkəmizin əməkdar məşqçisi Şahin Şahhüseynidir. Onun rəhbərliyi altında “Crystal FC” sistemli məşqlər aparır, taktiki və texniki baxımdan daim inkişaf edir.
Komandanın əsas prinsipi yalnız qələbələr qazanmaq deyil, həm də sağlam həyat tərzini təbliğ etmək, əməkdaşlar arasında həmrəyliyi möhkəmləndirmək və futbol sevgisini genişləndirməkdir. Bu məqsədlə “Crystal FC” müxtəlif turnirlərdə, dostluq görüşlərində və sosial layihələrdə aktiv şəkildə iştirak edir.
Bu gün “Crystal FC” təkcə bir idman kollektivi deyil, həm də birlik, peşəkarlıq və inamın simvolu olaraq şirkətin dəyərlərini meydanda layiqincə təmsil edir. Qarşıdakı illərdə komandanın daha böyük uğurlar qazanacağına, həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə adından söz etdirəcəyinə inanırıq.

Nailiyyətlər
- 09–12.05.2023, Şamaxı – Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə finala yüksəlib, penaltilərdə məğlub olaraq 2-ci yer qazanıb.
- 25–28.05.2023, Şamaxı – Müstəqillik Gününə həsr olunmuş turnirin qalibi olub.
- 14–20.06.2023, Antalya (Türkiyə) – “Antalya Cup” turnirində iştirak edərək 2-ci yer qazanıb.
- 17–24.09.2023, İstanbul (Türkiyə) – Beynəlxalq turnirdə bütün rəqibləri üzərində qələbə qazanaraq 1-ci yer əldə edib.
- 21.12.2023 – İlk dəfə yeniyetmələr arasında keçirilən mini futbol çempionatında yarışın bitməsinə 1 tur qalmış çempionluğu təmin edib. 13 oyun: 11 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.
- 2023, Lənkəran – Şəhidlərin xatirəsinə həsr olunmuş turnirin qalibi olub.
- 2024–2025 – Yeniyetmə futbolçular arasında keçirilən mini futbol turnirində bütün rəqiblər üzərində qələbə qazanaraq çempion olub.
2025–2026 – AFFA-nın keçirdiyi böyüklər arasında Respublika çempionatında (Region Liqası) iştirak edəcək.











